«Topal Teymur» 30 yaşında
Xalq artisti Ramiz Həsənoğlu:
«O tamaşaya görə mənim özümə cəmi 95
manat qonorar verdilər»
21 iyun 1983-cü il. «Topal Teymur» televiziya tamaşası 30 il əvvəl – məhz bu tarixdə efirə çıxıb. Teletamaşa ilk andan böyük maraq doğurub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu “Topal Teymur”un çəkilişləri, aktyor seçimi və s. məqamları “Kaspi” üçün vərəqləyir.
Hamletin Topal Teymuru
-“Topal Teymur”un çəkilməsi
sizin öz ideyanız idi?
- Bir dəstə
adam idik. Bu ideyanı bizə o vaxt televiziyanın teleteatr
şöbəsinin rəhbəri işləyən Həbibə
Məmmədxanlı verdi. O vaxta qədər Azərbaycan
Televiziyası quruluş sahəsində uğurlara imza
atmışdı. Rauf Kazımovski, Ağaəli Dadaşov,
Arif Babayev kimi gözəl rejissorların böyük əməyi
vardı. Onlardan sonra gələn nəslin içərisində
biz də vardıq. Həmin ərəfədə Mərkəzi
Komitə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi
ilə bağlı tədbirlər planının icrasından
ötrü qərar verdi. O cümlədən, televiziyaya da
şairin yaradıcılığının populyarlaşdırılması
ilə bağlı tapşırıqlar verildi. Mən
artıq o vaxt bir rejissor kimi özümü təsdiq
etmişdim. «Mən, sən, o və telefon», «Evləri köndələn
yar», «Ötən ilin son gecəsi», «Qatarda» və s.
tamaşalarla özüm haqqında rəy
yaratmışdım. Həbibə xanımın təklifi ilə
Hüseyn Cavidin dram əsərlərini yenidən oxudum. Təbii
ki, Cavid dramaturgiyasının əsas hissəsi nəzmlə
idi. Ona görə o vaxt bu əsərlərə o qədər
də yaxın düşə bilmədim. Amma nəsrlə
yazılan «Topal Teymur» diqqətimi cəlb etdi. Bu,
realistik-dramaturji məqamların üzərində qurulan əsər
idi və dialoqları da anlaşılırdı. «Topal Teymur»
hələ Cavid sağ ikən – 1926-cı ildə bir dəfə
teatrda səhnəyə qoyulmuşdu. Ancaq tamaşa
üç dəfə oynanandan sonra
dayandırılmışdı. Hesab edirdilər ki, uğursuz
alınıb. Baxmayaraq ki, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə
kimi böyük aktyorlar həmin tamaşada
oynamışdı, ancaq bu, sənətdir, uğuru qabaqcadan
proqnozlaşdırmaq çox çətindir.
Turan Cavid
bu məsələdə bizim məsləhətçimiz oldu
və Cavidin dilinə müasir gözlə diqqət yetirdi. Yəni
o zaman Azərbaycan ədəbi dilində olmayan müəyyən
ifadələri bir qədər ədəbi dilə
uyğunlaşdırdı. Amma Cavidin ruhunu saxladı. 1982-ci
ildə əsər üzərində iş başlandı.
- Aktyorların seçiminə necə
qərar verdiniz?
-
Ümumiyyətlə, hər bir rejissorun uğuru iki amildən
ibarətdir: əsər seçmək və aktyor tapmaq. Mən
gözümün qabağından kimləri keçirmədim?
Mehdi Məmmədov ürəyimdən keçdi. İkinci
namizədim Məmmədrza Şeyxzamanov idi. Amma bu seçim məni
qane etmirdi. Nədən ki, Şeyxzamanovun çöhrəsində
daim bir xeyirxahlıq işığı yanırdı. Hərçənd
rejissor yozumundan asılı şəkildə bu aktyor Teymurləngin
bədii obrazları qalereyasında tamam fərqli Topal ola bilərdi.
1982-ci il yanvarın 23-də daha üç aktyorun soyadı
Topal Teymur roluna namizəd kimi göstərildi: Həsənağa
Turabov, Hamlet Xanızadə, Fazil Bayramov. Həmin qeyddə
üstünlüyü Həsən Turabova verirdim. Faktura
baxımındansa ürəyimcə olan Topal Fazil Bayramov idi. Ən
nəhayət, Hamlet Xanızadənin üzərində
dayandım. Mənə elə gəlir ki, yanılmadım.
Tamaşanı çəkməmişdən əvvəl
müxtəlif mənbələrə, arxivlərə üz
tutdum. Məşhur antropoloq Gerasimov Teymurun kəlləsi əsasında
onun üz cizgilərini bərpa etmişdi. Hamlet Xanızadənin
portret qrimi onun əsasında quruldu. Tamaşanın çəkilişləri
fasilələrlə bir ay davam etdi. Rol bölgüsündə
müəyyən dəyişikliklər oldu. Tutaq ki, mən
orda Fuad Poladovu görmək istəyirdim. Hətta, ona bir rol da
təklif etdim. Başqa tamaşada məşqi olduğu
üçün imtina etdi. Amma əslində onun ürəyindən
Hamlet Qurbanovun rolu – İldırım Bəyazid keçirdi.
Ancaq o, efirdən Hamletin oyununa baxandan sonra «Hamlet çox
gözəl oynadı» - dedi. Bu elə bir dövr idi ki, Azərbaycan
Dram Teatrında Mehdi Məmmədov Cavidin “İblis” əsərini
hazırlayırdı və o tamaşada da Hamlet Xanızadə
baş rolu oynayırdı. Hamlet iki yerə
parçalanırdı. O, məşqlərdən
çıxıb mənim çəkilişlərimə gəlirdi.
Elə Hamlet Qurbanov da o tamaşada oynayırdı. Hətta,
Mehdi müəllim Cavidə məhəbbətdən irəli
gələn bir tövsiyə ilə: «Hamlet, sən eyni vaxtda
iki böyük əsərdə iştirak edirsən. Bu,
böyük məsuliyyətdir» demişdi. Ancaq Hamlet o məsuliyyəti
hiss edirdi. Hesab etsək ki, Yusif Vəliyev Azərbaycan kino sənətində
çox gözəl Teymur Ləng obrazını
yaratmışdı və elə bir aktyordan sonra eyni obrazı
yaratmaq böyük məsuliyyət idi. Mənə elə gəlir
ki, Hamlet bu yükün altından kifayət qədər
üzüağ çıxdı.
- Sizcə onun Topal Teymuru uğurlu
alındı, yoxsa İblisi?
- Hər
ikisi çox gözəl idi. Çünki hələ Cavidi
sevənlər və onun əsərlərini əzbər deyənlər
həyatda idilər. Ola bilsin ki, onlar romantik üslubla oynanan əsərlərin
aktyor oyununda onu gözləyirdilər və Hamletin oyunu da elə
bil onların ürəyindən idi. Axı Hamlet bir qədər
romantik teatrın nümayəndəsi idi.
- Məşq proseslərindən
yadınızda qalan maraqlı anlar da çox olub yəqin.
- Bu əsərin
ortaya çıxmasında böyük bir komanda işləyirdi.
Bəstəkar Cavanşir Quliyev, quruluşçu rəssam Rəfael
Əsədov, quruluşçu operator Eldar Məmmədov idi. Əlimə
keçən bir broşürdə Rafiq Zəka Xəndanın
Hüseyn Cavid dramaturgiyası ilə bağlı “Peyğəmbər”dən
«Kəssə hər kim tökülən qan izini, qurtaraq dahi
odur yer üzünü» misraları məni tutdu və bu barədə
Cavanşir Quliyevə danışdım. O, artıq
tamaşanın musiqisini işləməyə
başlamışdı. İlk və bəlkə də yeganə
hal idi ki, tamaşanın musiqisi tamaşa çəkilməmişdən
təxminən bir əl əvvəl yazıldı. Mənə
elə gəlir ki, bu, Cavanşir Quliyevin
yaradıcılığında tamaşaya yazdığı
musiqilərin içində ən uğurlusu oldu. Bu, həm də
yeganə tamaşadır ki, mən orada anam Ətayə
xanımla iştirak etmişəm. O, kəndli qadın
obrazını oynayırdı.
O zaman Azərbaycan
Televiziyasının məşqlər üçün
imkanları məhdud idi. Biz müxtəlif teatrlarda, əsasən
də «Muskomediya»da məşq edirdik. Özü də əksər
vaxtı səhərlər. Ayrı vaxt imkan nə gəzirdi
ki… Həm də təkcə bu tamaşanı çəkmirdim,
verilişlər də hazırlayırdım. Mən
ümumiyyətlə, məşqlərə gecikməyi sevməyən
rejissoram. Aktyorların da gecikməsini sevmirəm. Amma Məmməd
Sadıqov adlı bir aktyor vardı və o, İldırım
Bəyazidin sarayında Xacə rolunu oynayırdı. O,
tamaşalara həmişə tez gəlirdi. Mən ha
çalışırdım ki, ondan tez gəlim, yenə də
alınmırdı. Hətta, bir dəfə məqsəd qoyub
40 dəqiqə tez gəldim. Nə görsəm
yaxşıdır? Gördüm ki, o, teatrın
qarşısında gəzişərək məni gözləyir.
Köhnə aktyor məktəbinin ənənələrinə
məəttəl qaldım.
«Topal Teymur»la başlayan yol
- “Topal Teymur”un təqdimatı necə
qarşılandı?
-
Mübaliğəsiz deyə bilərəm ki, çox
böyük coşqunluqla keçdi. Bu, təkcə
tamaşanın effektindən irəli gəlmirdi. Bu, Cavidə
xalqın məhəbbətindən irəli gəlirdi. Bu,
sanki repressiya illərində repressiyaya uğramış talelərə
olan münasibətin müəyyən bir eyforiyası idi. Yəqin
ki, tamaşa da öz parametrləri ilə tamaşaçıların
təsəvvürlərinə müəyyən bir qida
vermişdi. Bu mənada təbii ki, mən də,
tamaşanı ortaya çıxaran kollektiv də
özümüzü çox xoşbəxt hiss edirdik. Mehdi Məmmədov
gəlib tamaşaya baxdı və təqdimatda
çıxış etdi. Belə bir fakt var: 1941-ci il iyunun
21-də Səmərqənddə Teymur Ləngin qəbrini
açıblar. Bizim də tamaşamız 42 il sonra, iyunun 21-də
efirə getdi. Sonradan ayıq başla özüm
üçün araşdırdım ki, nə
üçün tamaşa belə bir sevgi ilə
qarşılandı? Mənə elə gəlir ki, bu
uğurun əsas səbəblərindən biri o vaxta qədər
televiziyanın hələ özünü sənət
ocağı kimi təsdiq etməməsi ilə bağlı
idi. Artıq televiziyanın yaradıcı potensialı, texniki
imkanları elə bir şərait yaratdı ki, biz bu səpkidə
əsər ortaya çıxara bildik. Azərbaycan
Televiziyası istər-istəməz sənət meydanına
çevrilməyə başladı. Televiziyanın bir sıra
uğurlu tamaşaları məhz o illərdə üzə
çıxdı. Onların arasında mənim çəkdiyim
«Ordan-burdan», «Günahsız Abdulla», Tariyel Vəliyevin,
Lütfi Məmmədbəyovun, Məhərrəm Bədirzadənin
quruluş verdiyi tamaşalar artıq auditoriyanın diqqətini
cəlb etməyə başladı. Bu mənada, Azərbaycan
Televiziyasında fundamental əsərlərin qoyuluşu «Topal
Teymur»la başladı. Yenə də təkrar edirəm, ondan əvvəl
də cəhdlər olmuşdu. Ancaq istər texniki, istərsə
də maddi-texniki parametrlərə görə o səviyyəyə
yaxınlaşa bilmədilər. Çünki uğurlu
yaradıcılıq müəyyən şərtlərlə
meydana çıxmalıdır. «Topal Teymur» tamaşası da
münbit bir şəraitdə meydana çıxdı. O
vaxtkı studiyanın rəhbəri Elşad Quliyev idi. Biz o
zaman totalitar dövlətin üzvü idik – SSRİ
dağılmamışdı. Eşitdiyimə görə, Azərbaycan
Televiziyası rəhbərliyinin «Topal Teymur»a üz tutması
yuxarı dairələrdə o qədər də təqdir
olunmurdu. Bəlkə onun buna görə başı da
ağrıdı. Buna baxmayaraq, bu tamaşa getdi və indiyə
qədər öz həyatını yaşayır. Biz sanki gözümüzün
qarşısında Azərbaycan mədəniyyətinin və
tarixinin bir parçasını yaşadıq. Bu mənada
«Topal Teymur» tamaşası mənim üçün hesabat
nöqtəsi idi. Bizə müvəffəq oldu ki,
tamaşaçıları televiziyanın sənət
ocağı olmasına inandıraq. Təxminən 4 il bundan əvvəl
tamaşanı yenidən bərpa etdik. Tamaşanın
bütün rənglərini, səsini yerinə qaytardıq.
- Aktyorların kostyumlarını
haradan əldə edirdiniz? Onların qonorar məsələləri
necə həll olunurdu?
- O zaman
bizim maddi-texniki bazamız güclənsə də, o dərəcədə
deyildi ki, bütün geyimləri özümüz təmin edək.
Ona görə də xeyli materialları kinostudiyadan gətirmişdik.
Ondan 10-12 il sonra biz «Fatehlərin divanı»nı və
«Nigarançılıq» tamaşalarını ortaya
çıxaranda oradakı kostyumların hamısını
özümüz hazırladıq. Bəzilərini də Türkiyədən
gətirtdik. Zaman baxımından «Topal Teymur»
teletamaşası 2 saat 45 dəqiqəyə
sığışırdı: birinci hissə 70 dəqiqəyə
tamamlanırdı, ikinci hissə 95 dəqiqəyə. Bu, Azərbaycan
televiziya mədəniyyəti tarixində görünməmiş
hadisə idi. Bu, həm böyük zəhmət tələb
edirdi, həm də böyük məsrəflər. Mənim
özümə «Topal Teymur»a görə cəmi 95 manat qonorar
verdilər. Bu, çox az idi. Tutaq ki, mən adi bir verilişin
ssenari müəllifi olanda ona görə ən azı 150 manat
pul alırdım. Qonorarım verilişdən
çıxırdı, məşqlərə pul vermirdilər.
O zamanlar
quruluş haqqı çox yüksək deyildi. Aktyorların
da qonorarı çox deyildi. O zaman çox az şeyə qane
olur və buna da şükür edirdilər. Aktyorlar hər
halda biz rejissorlardan çox alırdılar. İndiki qonorarlar
o vaxt yox idi.
- Eyniadlı film çəkmək
arzusu sizdə yaranmadı?
-
Çox qəribədir ki, bizdə müəyyən tabular
var: bu sahədən o sahəyə keçmək olmaz, teatr
rejissoru teatrda qalmalıdır, aktyor rejissorluqla məşğul
ola bilməz, televiziya rejissoru kinoda iş görə bilməz
və s. Ayrı-ayrı vaxtlarda o tabuları qıran adamlar
vardı. Bu mənada «Topal Teymur» fikirlərdə bir qədər
dəyişiklik elədi. Mən özümə qarşı
dəyişikliyi onda hiss etdim. O vaxtlar mənə kinostudiyadan
bir sıra təkliflər gəlməyə başladı.
Ancaq bu təkliflərin arxasında ciddi maraq olmadığına
görə elə söhbət şəklində də
qaldı. Ona görə mənim kinoya gəlişim 1998-ci ilə
qədər uzandı.
- Bu, hamını maraqlandıran bir
sualdır: niyə bu gün o cür tamaşalar çəkilmir?
-
Çünki o dövr yoxdur. Tamaşaçının
qavrayışı dəyişdi. Şouya həddindən
artıq yer ayrıldı. Mən bilmirəm bu,
yaxşıdır, yoxsa pis. Amma o vaxtkı sənət indi
yoxdur. O vaxtkı sənətə münasibət də yoxdur.
Əgər dünya bu cür dəyişirsə, mən belə
dəyişikliyin əleyhinəyəm. Dünya dəyişdikcə
saflaşmalı idi. Təəssüf ki, bu, baş vermədi.
Çox
qəribədir ki, bu sualı sadə insanlar, o
tamaşaları görən, müqayisə edə bilən
tamaşaçılar da verirlər. Çox istərdim ki,
yaradıcı insanlar üçün elə bir imkan olsun ki,
onlar sağa-sola baxmasınlar, öz sənətlərinin
hesabına irəli gedə bilsinlər. Sənəti sənətdən
başı çıxan adamlar idarə etməlidir. Amma təəssüf
ki, bu, həmişə belə olmur.
Təranə Məhərrəmova
Kaspi.-2013.-21 iyun.-S.9.